QARABAĞ AZƏRBAYCANDIR!

Teymur Rəcəbov və Ülviyyə Fətəliyeva növbəti mərhələdə 96
2023-08-04 11:09 | 0 Rəy

Teymur Rəcəbov və Ülviyyə Fətəliyeva növbəti mərhələdə

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda II mərhələnin cavab görüşləri başa çatıb.

Gündəmtv.az” xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbovla Ülviyyə Fətəliyeva adını III mərhələyə yazdırıb.

İlk görüşdə heç-heçə edən Teymur Rəcəbov macar Viktor Erdoşla cavab oyununda uğur qazanıb. Qara fiqurlarla mübarizə aparan Rəcəbov rəqibi təslim olmağa məcbur edib. İki görüşün nəticəsinə əsasən 1,5-0,5 hesablı qələbə qazanan T.Rəcəbov növbəti mərhələyə adlayıb.

Xanım şahmatçılarımızdan Ülviyyə Fətəliyeva ümidləri doğruldub. Qara fiqurlarla Polşa təmsilçisi Monika Soçkonu üstələyən şahmatçımız mübarizəni davam etdirmək imkanı qazanıb. İki oyunun nəticəsinə əsasən Ülviyyə 1,5-0,5 hesablı qələbə qazanıb.

Dünya Kubokunda gözlənilməz nəticə Tin Jinqao (Sinqapur)-Şəhriyar Məmmədyarov (Azərbaycan) partiyasında qeydə alınıb. Ağ fiqurlarla çox diqqətli oyun sərgiləyən Tin Jinqao cavab matçında Ş.Məmmədyarov üzərində qələbə qazanıb. 1,5-0,5 hesablı nəticə Sinqapur şahmatçısını növbəti mərhələyə çıxarıb. Şəhriyar Məmmədyarov isə yarışla erkən mərhələdə vidalaşıb.

Vüqar Əsədli FIDE təmsilçisi Yan Nepomnyaşi ilə görüşdə heç-heçəyə razılaşıb. İlk partiyada qələbə qazanan Y.Nepomnyaşi III mərhələyə adlayıb.

Misrəddin İskəndərov Hindistan şahmatçısı Domaradju Qukeşə hər iki partiyada uduzmaqla yarışdan kənarda qalıb.

Aydın Süleymanlı və Vasif Durarbəyli isə müvafiq olaraq Parham Maqsudlu (İran) və Jül Mussara (Fransa) qarşı görüşlərdə iki partiyanın ümumi nəticəsində məğlubiyyət acısı yaşayıb.

Qadınların yarışında Günay Məmmədzadə, Gövhər Beydullayeva və Gülnar Məmmədova Dünya Kubokunun 1\32 finalında mübarizəni dayandırıb.

Azərbaycan şahmatçılarından Nicat Abasov, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov və Abdulla Qədimbəyli hər iki görüşdə heç-heçə oynadığından həlledici mərhələ sayılan tay-brekdə çıxış edəcək.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş