QARABAĞ AZƏRBAYCANDIR!

Şəhid Niyaməddin Əşrəf oğlu Zülfəliyevin məzarı ziyarət olunub 633
2023-08-28 10:52 | 0 Rəy

Şəhid Niyaməddin Əşrəf oğlu Zülfəliyevin məzarı ziyarət olunub

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi hər zaman qəlblərdə yaşayır və dərin ehtiramla yad edilir. Buna bariz nümunə olaraq, bir müddət əvvəl Qubadlı rayonunun Tatar kəndi ərazisində olan şəhidlərin məzarını ziyarət etmək məqsədilə Qubadlıya  səfər edən Tatar inzibati ərazi dairəsinə aid olan Tatar, Qiyaslı və Qarayonlu kəndlərinin sakinləri Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunan şəhid Zülfəliyev Niyaməddin Əşrəf oğlunun məzarını ziyarət etməyi özlərinə mənəvi borc biliblər.

 Şəhid Zülfəliyev Niyaməddin Əşrəf oğlu 1977-ci ildə Qubadlı rayonunun Tatar kəndində anadan olub.

1993-cü ildə erməni separatçıları tərəfindən Qubadlı rayonu işğal olunduqdan sonra Niyaməddin və ailəsi öz doğma torpaqlarından didərgin düşüblər. Sumqayıtda məskunlaşan ailə hər zaman öz evlərinə qayıtmaq ümidi ilə yaşamışlar.

Hərbi xidməti başa vurmasına baxmayaraq, Niyaməddin   yenidən könüllü olaraq cəbhəyə yollanır.  Ağdərə və Tərtər uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərir. 1999-cu ildə Tərtərin Qırmızıkənd uğrunda gedən döyüşlərində qəhrəmancasına şəhid olur.

Gündəmtv.az xəbər verir ki, tədbirdə iştirak edənlər ilk öncə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.  Daha sonra şəhid Zülfəliyev Niyaməddin Əşrəf oğlunun qəbri ziyarət olundu. Tədbirdə çıxış edən şəhidin yaxınları və kənd sakinləri qeyd etdilər ki, Ali Baş Komandanın apardığı məqsədyönlü siyasətinin nəticəsində,  şəhid və qazilərimizin canı qanı bahasına azad olunan Qubadlı rayonu sakinləri kimi bu gün Şəhidlər Xiyabanını fəxrlə ziyarət edirlər.

Daha sonra şəhid Niyaməddin Zülfəliyevin müəllimləri və döyüş yoldaşları şəhidlə bağlı xatirələrini bölüşərək şəhidin keçdiyi döyüş yolundan və məktəb illərindən danışıblar. Həmçinin qeyd  olunub ki, tezliklə ölkə başçısı İlham Əliyevin tapşırıq və göstərişlərinin nəticəsi olaraq, abadlaşan digər kəndlər kimi onlarında doğma kəndlərinə qayıdacaqları gün uzaqda deyil.

Tədbirdə iştirak edən balaca uşaqlar isə şəhidlər haqqında şeirlər səsləndiriblər. Sonda isə şəhidlərin ruhuna dualar oxunub və tədbir başa çatdırılıb.

 

 

Video

Qalareya

Gundemtv.az Gundemtv.az Gundemtv.az Gundemtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş