QARABAĞ AZƏRBAYCANDIR!

Saxta peyvənd sənədi alanları hansı cəza gözləyir? 486
2021-09-11 03:08 | 0 Rəy

Saxta peyvənd sənədi alanları hansı cəza gözləyir?

"Gündəmtv.az"  xəbər verir ki, son zamanlar bəzi vəzifəli şəxslərin, xüsusən həkimlərin saxta peyvənd sənədi verilməsində adları hallanır. Bu barədə Baş Prokurorluq da dəfələrlə məlumat yayıb. İş burasındadır ki, həmin faktlarla bağlı yayılan məlumatlarda daha çox saxta sənəd verənlərin cəzalandırıldığı bildirilir. Görəsən, peyvənd olunmadığı halda saxta sənəd alan vətəndaşları hansı cəza gözləyir?

“Saxta peyvənd sənədi alanlar barəsində Cinayət Məcəlləsinin 320 və 308-ci maddələri tətbiq olunur. 308-ci maddədə deyilir: "Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda".

Bu maddəyə əsasən, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 320-ci maddəsində isə hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycanın saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma qeyd olunur. Bu maddəyə görə, min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi  vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, "961" nömrəli "Çağrı Mərkəzi", "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş