QARABAĞ AZƏRBAYCANDIR!

Rəsmi Bakıdan Xaçatryanla bağlı Ermənistana cavab 273
2023-07-30 15:03 | 0 Rəy

Rəsmi Bakıdan Xaçatryanla bağlı Ermənistana cavab

"Ermənistan Xarici İşlər Nazirliyi 29 iyul tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitəsində Ermənistana getmək istəyən Vaqif Xaçatryan adlı şəxsin Laçın sərhəd buraxılış məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən həbs edilməsi ilə əlaqədar növbəti dəfə beynəlxalq ictimaiyyətin fikrini yayındırmaq və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə siyasi manipulyasiyalar ilə məşğul olmaqdadır. Məsələ ilə bağlı, Ermənistan tərəfinin ölkəmizə qarşı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur".

“Gündəmtv.az"  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Vaqif Xaçatryanın həbsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində deyilir.

Bildiirlib ki, Azərbaycan Prokurorluğu tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi, Vaqif Xaçatryan Çerkezoviçin bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib:

"Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində 29 iyul tarixində Ermənistana gedərkən sərhəd buraxılış məntəqəsində həbs edilib.

Vaqif Xaçatryanın Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib. BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə müvafiq şərait yaradılıb.

Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib.

BQXK tərəfindən də təsdiq edildiyi kimi, ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb və onlara qarşı heç bir qanunsuz hərəkət tətbiq edilməyib. Bununla əlaqədar, sərhəd buraxılış məntəqəsindən keçən şəxslərə təhdid olduğu barədə Ermənistan XİN-in iddiası tamamilə yalandır və bu yalnız erməni sakinlər arasında təşviş yaratmaq məqsədi daşıyır.

Azərbaycan tərəfinin qeyd edilən şəxsi həbs edərkən beynəlxalq humanitar hüququ pozması barədə Ermənistan tərəfindən səsləndirilən iddiaya gəldikdə xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur. Ümumiyyətlə, 30 ildə Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrində mülki əhaliyə qarşı soyrıqımı və kütləvi qırğınlar törədən Ermənistanın beynəlxalq humanitar hüquqdan danışması yersizdir.

Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir. Bunun əksinə, Ermənistan Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi işlər barədə qarayaxma kampaniyası aparması, bu ölkənin müharibə cinayətlərini dəstəkləməsindən və bəraət qazandırmasından başqa bir şey deyil.

Azərbaycan tərəfi ölkəmizin ərazisində müharibə və hərbi cinayətlər törətmiş şəxslərə qarşı müvafiq cinayət işinin başladığını son 30 ildə dəfələrlə açıq şəkildə bəyan edib, onlar barədə beynəlxalq axtarışlar elan edilib və istintaq tədbirləri çərçivəsində, ölkə qanunvericiliyinə və beynəlxalq təcrübəyə uyğun olaraq onların məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək".

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş