QARABAĞ AZƏRBAYCANDIR!

Nazirlik vətəndaşı günahkar bilir, narazılıqlar yaradır – Deputatdan sərt çıxış 126
2023-07-14 14:52 | 0 Rəy

Nazirlik vətəndaşı günahkar bilir, narazılıqlar yaradır – Deputatdan sərt çıxış

“Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələri olub və onlar lisenziya ilə fəaliyyət göstərib diplom verib. İndi o şəxslərin işə düzəlmək problemi var, çünki Elm və Təhsil Nazirliyi o diplomları təsdiq etmir. Deyirlər ki, qanunsuz işləyib, qanunsuz diplom verib və s. Necə olub bu? Onlar yerin altında fəaliyyət göstərib, yoxsa sehrli çubuqla özlərini görünməz edib? Onlar içərisində xeylisi var, o cümlədən Cənubi Rusiya Humanitar Institutu ki, Bakıda olub, sərhəd çıxıb-getməyə ehtiyac olmayıb. Tələbələr 5 il oxuyub. İndi onların hamısı diplomunu təsdiq edə bilmir, kim işləyirsə, işdən çölə atılır, yaxud da iş yerində hər il stres yaşayır ki, yenə yoxlayırlar. Bunların ürəyi xəstəlik tapıb, məhv oldular ki...”.

“Gündemtv.az” xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında çıxışı zamanı deyib.

O sual edib ki, həmin lisenziyanı, diplomu, şərait kim yaradıb: “Əzizlərim, niyə vətəndaşlara qarşı bu cür hərəkət edilir? Niyə günah vətəndaşın üzərində qalmalıdır? Bu məsələ mütləq həllini tapmalıdır və Elm və Təhsil Nazirliyinin yanaşması, bu ölkədə böyük narazılıqlar yaradır. Onlar hər bir məsələdə vətəndaşı günahkar görür. Nəyə nail olmaq istəyirlər, bilmirəm. Həll yolunu onlar tapmalıdır, maneçilik etmək yox. Bəyənmirsən, bir illik kurs təyin elə, oxusunlar, imtahan versinlər. Kəsib atmağa nə var, faydalı iş odur ki kömək edəsən, həll yolu tapasan. Nazirlər kabineti bu məsələni həll edərdi, məncə, Elm və Təhsil Nazirliyi doğru yanaşma və təklif ortaya qoymur. Elə kəsmək, doğramaq, ancaq və ancaq vətəndaşı günahkar çıxarmaq. Mən parlamentdən kömək istəyirəm!”

Bölgələrdəkı uşaq bağçalarındakı acınacaqlı vəziyyətdən narahatlığını ifadə edən deputat bildirib ki, onun yaşadığı İmişli rayonu, Xəlfəli kəndinin uşaq bağçası bərbaddan da bərbad gündədir: “Yapon səfirindən də xahiş etdik. Onlar o bağçanın tikintisi üçün 80 min dollar civarında pul ayırıb. Elm və Təhsil Nazirliyi deyir ki, tikilən bağçalar gərək Nazirlər Kabinetinin təsdiq etdiyi standartlara uyğun olsun. Haradan tapaq bir milyon manatı ki bağça tikək? Onda zəhmət çəkib gedib özləri standartlara uyğun bağça tiksinlər. Təhsil Nazirliyinin aidiyyəti şöbəsi ilə danışdım, xeyri olmadı, nazir müavini ilə danışdım, xeyri olmadı, sonda cənab nazirlə danışdım və sağ olsun ki, yarım saatdan çox bir-birimizə kimin haqlı olduğunu sübut etməyə çalışdıq. 

Mənə İmişli və digər rayonlarda standarta uyğun bir bağça göstərsinlər, mən çəkilirəm kənara. Qoy uşaqlar hələ 10 il bundan sonra da o bərbad və acınacaqlı uçuq daxmada uşaqlıqlarını məhv etsinlər. Mən təhsil nazirliyinin yanaşmasını qətiyyətlə rədd etməklə bərabər, bu məsələnin və buna bənzər həllini gözləyən digər problemlərin həllini tələb edirəm. Təhsil Nazirliyi və bir neçə digər qurumlar ölkə reallığından bir əsr arxada qalıb, ya da özlərini böyük islahatçı göstərmək istəyirlər. Onların bu islahatcıqları ölkədə kərpic-kərpic haqlı olaraq sosial narazılıq yaratmaqdadır ki, xəbərimiz olsun, hörmətli deputatlar. Bizim həm də borcumuzdur ki, gördüyümüz narahatlıqları həll etməyə çalışaq ki, ölkəmizdə xain qüvvələr bu kimi problemlərdən yararlanıb ölkəni xaosa sürükləyə bilməsinlər”.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş