QARABAĞ AZƏRBAYCANDIR!

Müdafiə Nazirliyində KORRUPSİYA FAKTLARI: Keçmiş rəis yeyinti sahələrini tək-tək SADALADI 113
2022-10-13 09:33 | 0 Rəy

Müdafiə Nazirliyində KORRUPSİYA FAKTLARI: Keçmiş rəis yeyinti sahələrini tək-tək SADALADI

“Müdafiə Nazirliyindəki yeyintilər təkcə büdcədən ayrılan vəsaitin talan edilməsi deyil, bu, Azərbaycanın müdafiə qabiliyyətinə vurulan zərbədir”.

"Gündəmtv.az" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müdafiə Nazirliyində (MN) həyata keçirdiyi həbslər və aşkarlanmış korrupsiya faktları haqqında danışan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, nazirlikdə aparılan yoxlamalar qurumun necə çirkab içində olduğunu ortaya qoyur.

“Maliyyə İdarəsinin rəisi həbs edildi. Məlum oldu ki, 80 milyon manatdan çox pul mənimsəyib. Bu, insanlarda şübhə yaradır. Çünki bir nəfərin o qədər pulu təkbaşına oğurlaması mümkün deyil. Yoxlamalar hər sahəni əhatə etməlidir. Təkcə Maliyyə İdarəsində yox, demək olar, bütün sahələrdə yeyinti olub.

Ən çox yeyinti olan sahələrdən biri Satınalmalar və Təchizat İdarəsidir. Həbslərin davam edəcəyini demişdim. Məlum oldu ki, Satınalmalar və Təchizat İdarəsində işləmiş üçüncü şəxsi həbs ediblər.

Hesab edirəm ki, əlavə olaraq İşlər İdarəsində də korrupsiya halları var. İşlər İdarəsinin keçmiş rəisi polkovnik İlqar Məmmədov Nəcməddin Sadıkovun ən yaxın adamlarından biri idi. O sahədə də yoxlamalar gedir. Orada da ciddi yeyintilərin olduğunun şahidi olacağıq. Bundan əlavə, Maddi Texniki Təminat, həmçinin Sənaye İdarəsində də yoxlamalar aparılmalıdır.

Yoxlamaların aparılmasına ən ciddi ehtiyac olan yerlərdən biri də Azərbaycanın Hərbi Dəniz Qüvvələridir. Hərbi Dəniz Qüvvələrində neqativ hallar həddindən artıq çoxdur. Nədənsə, o istiqamətdə işlər aparılmır.
Azərbaycan dövlətinin müdafiəsi və hərbçilərin rifahı üçün dövlət büdcəsindən böyük pullar ayrılır. Onu isə hansısa rütbəli dələduzlar yeyirlər.
Evsiz qalan çoxlu sayda zabitlər var, yeyilən maliyyə ilə onların hamısını evlə təmin etmək olardı.
Yoxlamalardan çıxan nəticə odur ki, nəzarət zəif olub. Ayrılan maliyyəni istədikləri kimi talan ediblər. Burada Müdafiə Nazirliyinin rəhbərliyi ilə yanaşı, Maliyyə Nazirliyinin də üzərinə məsuliyyət düşür. Nazirlik ayırdığı pulun hara xərcələnməsinə nəzarət etməyib.
Düşünürəm ki, araşdırmalar davam etməli və sonunda günahı olan hər kəs cəzasını almalıdır”, – hərbi ekspert bildirib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş