Müasir dövrdə niyə təbii qidalar tapa bilmirik?
Müasir dövrdə ərzaq təhlükəsizliyi dünyada qlobal səviyyədə aktual olan məsələlərdən biridir. Günbəgün müasirləşən texnologiya, ixtira olunan kimyəvi silahlar, ekologiyanın normadan artıq çirklənməsi ekologiya və qida zəncirində qırılmalarla müşahidə olunur. Nəticədə son dövrlər təbiətdən rahat şəkildə əldə etdiyimiz qidaları tapmaqda çətinlik çəkirik. İdarə olunan və idarə olunmayan səbəblərdən insanların ekoloji mühitə vurduğu ziyan qida çatışmamazlığı ilə nəticələnir. Bəzən sınaqdan keçirilən silahlar, radioaktiv maddələrin suya, torpağa axıdılması, havaya buraxılması ilə fauna və floraya elə bir ağır zərbələr vurulur ki, təbiət öz-özünü bərpa edə bilmir.
Məhz bu baxımdan Ermənistanın Azərbaycanda törətdiyi ekoloji terror flora və faunaya milyardlarla ölçüləcək ziyan vurmuşdur. Qarabağ İqtisadi Rayonunun erməni işğalından öncəki dövrünə nəzər salsaq, Respublikanın ərzaq təhlükəsizliyi təminatına verdiyi töhvələri görə bilərik. İllər öncə erməni vandallarının Topxana meşəsində törətdiyi ekoloji terroru, illərlə radioaktiv çirkli axıntıların Azərbaycan ərazindən keçən çaylara axıdılmasını, bilərəkdən düşünülmüş şəkildə radioaktiv silahların işğal altında saxladıqları torpaqlarda sınaqdan keçirilməsini nəzərə alsaq, Azərbaycan Respublikasının ekoloji və qida zəncirinə necə bir zərbə vurulduğunun şahidi olmuş olarıq. Bu təkcə Azərbaycanın deyil, həm də bəşəriyyətin faciəsidir. Beynəlxalq təşkilatların ekologiya və ərzaq təhlükəsizliyi problemlərini aradan qaldırmaq üçün qlobal layihələrdə ağızdolusu danışmaqlarına baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizinin illərdir ki, fauna və florasının ermənilər tərəfindən vəhşicəsinə istismarına göz yummaqları hələdə sual altındadır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi 44 günlük Dəmir Yumruq adlanan əks-hücum əməliyyatının təntənəli zəfərindən sonra həm region, həm də dövlətimiz üçün yeni reallıqlar yaranmışdır. Bundan sonra isə 30 ilə yaxın bir müddət ərzində ərazisinin 20 faizi işğal altında olan Azərbaycan üçün yenidənqurma və bərpa dövrü başlamışdır . İşğaldan azad olunmuş ərazilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə yeni iqtisadi rayonların bölgüsündə-Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları kimi təsdiq olunmuşdur. İşğaldan əvvəlki dövrlərdə bu ərazilərdə üzümçülük, tütünçülük, heyvandarlıq, baramaçılıq və şərab istehsalının geniş vüsət alaraq günbəgün inkişafı yaşlı nəslin gözləri qarşısında baş verib.
Əvvəllər bu ərazilər yüksək məhsuldarlığı olan kənd təsərrüfatı əraziləri kimi tanınırdı. Ekoloji təmiz ərzaq təhlükəsizliyinin təmin olunması baxımından qeyd edə bilərik ki, Qarabağ İqtisadi Rayonu ət və süd məhsullarının istehsalına görə həmişə yüksək nəticələr göstərmişdir. İşğaldan azad edilmiş ərazilərimiz Kəlbəcər, Laçın, Ağdam və Qubadlı ət məhsulu istehsalı üzrə, Füzuli, Xocavənd, Ağdərə və Xocalı əraziləri isə süd məhsulu istehsalı üzrə lider olmuşlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq göstəriş və tapşırıqlarının işğaldan azad olunmuş ərazilərdə yüksək səviyyədə həyata keçirilməsi, Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır. Beləliklədə, ekologiya və qida zəncirinin bərpası ilə yanaşı, kənd təsərrüfatı məhsullarının müasir standartlara cavab verəcək istehsalı və ixracı prosesi hər birimizin gözü qarşısında reallaşacaqdır.
İlkin Əlyar
Qalareya

0 şərh:
Səndə öz fikrini bizimlə bölüş