QARABAĞ AZƏRBAYCANDIR!

Meyvələr niyə zəhərlənməyə səbəb olur? - Ekspertdən AÇIQLAMA 139
2023-11-14 15:16 | 0 Rəy

Meyvələr niyə zəhərlənməyə səbəb olur? - Ekspertdən AÇIQLAMA

Vitaminlərlə zəngin olan meyvələr təbiətin insanlara ərmağanıdır. Bəzi meyvələrin içi də, qabığı da, hətta çəyirdəyi də istifadəyə yararlıdır. Daha uzun və sağlam həyat tərzi üçün meyvə istehlakı mütləq qida rasionunda yer almalıdır. Lakin burada diqqətə alınası bir məqam da var. Tərəvəzdən zəhərlənmə halları olduğu kimi, bəzən insanlar meyvədən də zəhərlənə bilərlər. 

Mövzu ilə əlaqədar qida eksperti İlkin Şirinov “MediaPost”a bildirib ki, hər fəsildə həmin dönəmə aid olan, o vaxt üçün yetişən meyvəni yemək daha düzgündür.

alt text

O deyib ki, piştaxtalarda aylarla qalan, nə rəngini, nə də görünüşünü dəyişməyən və çürüməyən meyvəni yeyəndə orqanizmində baş verə biləcək hər hansısa fəsaddan qaçmaq mümkün deyil: “Biz qış ayında gilas yeyiriksə, bu nə dərəcədə düzgündür? Yerdə qar var, amma biz üzüm yeyirik. Bu nə qədər məqbuldur? Bu artıq süni yetişmiş meyvələrdən xəbər verir. Həmçinin meyvəni saxlamaq və daşımaq şəraiti də önəmlidir. Meyvələr müəyyən maşınların yük yerlərində açıq vəziyyətdə, heç bir soyutma sistemi olmadan daşınır və rayonlardan açıq şəraitdə, yağışın, toz-torpağının altında gətirilib satılır. Meyvəni istifadə etməmişdən öncə bunun təmizlik məsələsinə özümüz nəzarət etməliyik. Bundan başqa meyvə həddindən artıq rütubətli anbarlarda saxlanılırsa, artıq kiflənib çürüyürsə və buna əhəmiyyət verilmədən yeyilirsə, bu da zəhərlənməyə gətirib çıxaran hallardan biridir”. 

Ekspert qeyd edib ki, meyvələri yetişdirərkən istifadə olunan pestisidlər də insanda bağırsaq pozğunluğuna və zəhərlənməyə gətirib çıxara bilər:

“Artıq banana xüsusi bir qaz vurulur ki, bu da meyvənin yetişməyinə kömək edir. Əgər həmin qaz həddindən artıq olarsa, bu zəhərlənməyə gətirib çıxarır. Həmin bananı biz digər yetişmiş meyvə ilə yanbayan satsaq, bu, həmin meyvəni də xarab edəcək, kal meyvənin isə yetişməsinə kömək edəcək. Yay aylarında qarpızdan zəhərlənmə məsələsi həddindən artıq gündəmdə olur, bu da qarpızın tərkibində olan həmin o gübrələrlə bağlıdır. Ona azot gübrəsinin həddindən artıq vururlar ki, daha tez yetişsin. Ona görə də qarpızı kəsdikdə içində ağ zolaqlar varsa, rəngi qırmızı yox, bozdusa, bu qarpız birbaşa zəhərlənmə mənbəyidir. Həmçinin ilk növbədə meyvə aldığınız yerlərin ekoloji baxımdan hansı dərəcədə təmiz olduğuna nəzər yetirmək lazımdır, daha sonra onun istifadəsi barədə fikir yürütmək olar. Meyvələr çiçək vaxtı həşəratlara qarşı, gəmiricilərə qarşı xüsusi kimyəvi maddələrlə dərmanlanır. Əgər həmin kimyəvi maddələr təyin olunan dozadan artıq olarsa və yaxud heç bir mütəxəssis baxışından keçirilmədən kustar üsulla hazırlanmış dərmanlardan meyvənin çiçəyinin özəyinə düşərsə, artıq bu meyvənin zəhərlənməyə səbəb olmayacağı barədə heç kim qaranti verə bilməz. Buna görə də həmişə vurğulayıram ki, kənd təsərrüfatında bitkiləri, meyvələri dərmanlayarkən istifadə olunan dərman preparatlarınən təcrübəli mütəxəssislər tərəfindən araşdırılması mütləqdir. Həmin rəylərə əsasən, dərmanlama prosesi həyata keçirilməlidir".

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş