QARABAĞ AZƏRBAYCANDIR!

Mehriban Əliyeva Litva Milli Kitabxanası ilə tanış oldu 53
2023-05-22 15:01 | 0 Rəy

Mehriban Əliyeva Litva Milli Kitabxanası ilə tanış oldu

Bu gün Azərbaycan və Litvanın birinci xanımları Mehriban Əliyeva və Diana Nausediene Martyunas Mazvyudas adına Litva Milli Kitabxanası ilə tanış olublar.

“Gündəmtv.az” xəbər verir ki, birinci xanım Mehriban Əliyevaya kitabxananın fəaliyyəti barədə məlumat verilib.

Bildirilib ki, əsası 1919-cu ildə Mərkəzi Dövlət Kitabxanası kimi Kaunasda qoyulan bu elm mərkəzi Litvanın əsas elmi-kütləvi mədəniyyət müəssisəsidir. Sonradan adı bir neçə dəfə dəyişdirilən və 1963-cü ildə paytaxt Vilnüsə köçürülən kitabxana 1988-ci ildən Martyunas Mazvyudasın adını daşıyır. 1989-cu ildə ona Milli Kitabxana statusu verilib. Kitabxana 1993-cü ildən ölkənin mədəni irs reyestrinə daxil edilib. Bu, həmçinin Baltikyanı ölkələrdə inşa olunan ilk kitabxana binasıdır.

Kitabxananın əsas fəaliyyət istiqamətləri Litva xalqının yazılı mədəni irsinin toplanması, gələcək nəsillər üçün qorunub saxlanılması və ictimaiyyətə təqdim edilməsinə kömək göstərilməsidir. Kitabxananın fondunda 7 milyona yaxın (1,8 milyon adda) çap məhsulları və digər sənədlər saxlanılır.

Qeyd olundu ki, ixtisaslaşdırılmış yeddi oxu zalının, həmçinin üç tədqiqat mərkəzinin fəaliyyət göstərdiyi kitabxanada milli arxiv sənədləri, nadir kitablar və əlyazmalar, musiqi və vizual incəsənət kolleksiyaları, həmçinin şəxsi kolleksiyalar və sair mövcuddur.

Kitabxana müxtəlif milli və beynəlxalq kitabxana müəssisələri və təşkilatları ilə əməkdaşlıq edir.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra kitabxana tərəfindən göstərilən xidmətlər, həyata keçirilən layihələr və bu mədəniyyət müəssisəsinin xarici əlaqələri barədə videoçarx nümayiş olunub.

Sonda birinci xanım Mehriban Əliyevanın adından kitabxanaya Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi, həmçinin Qarabağ və Şuşa haqqında kitablar hədiyyə edilib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş