QARABAĞ AZƏRBAYCANDIR!

İcra başçısı qadını sifarişlə işdən çıxarıb? 21
2021-07-10 15:56 | 0 Rəy

İcra başçısı qadını sifarişlə işdən çıxarıb?

Biləsuvar rayon Kommunal Müəssisələri İdarəsinin keçmiş rəisi Xalidə Ağayeva rayon icra başçısı Faiq Qürbətovun sifarişlə onu işdən çıxardığını iddia edib. 

Gündemtv.az  “Qafqazinfo”ya istinadən xəbər verirki X.Ağayeva “Qafqazinfo”ya müraciət edərək bildirib ki, indiki icra başçısı Faiq Qürbətovun qohumu olan keçmiş icra başçısı Əli Babayev də 20 il öncə onu işdən çıxarıbmış: "Həmin vaxt mənim ölkə rəhbərliyinə müraciətim əsasında Prezident Administrasiyasından yüksək vəzifəli şəxsləri, Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən iki general rayona gəlib yoxlama apardı və mənim işə bərpa olunmağıma qərar verildi. Buna görə Əli Babayevə şifahi xəbərdarlıq da edildi. Əli Babayev bu hadisəyə görə o vaxtdan bəri mənimlə ədavətlidir. Faiq Qürbətovun qardaşı qızı, keçmiş icra başçısı Əli Babayevin gəlinidir. O, icra başçısı təyin ediləndən sonra qohumu Əli Babayevi rayon Ağsaqqallar Şurasının sədri təyin etdirdi. Sonra da Əli Babayevin tapşırığı ilə məzuniyyətdə olduğum vaxt məni qanunsuz olaraq işdən çıxartdı". 

Fotoda: Əli Babayev

Hazırda 67 yaşı olduğunu bildirən X.Ağayeva qeyd edib ki, "Tərəqqi" medalı ilə təltif olunduğu üçün 70 yaşa kimi işləyə bilər: "Faiq Qürbətov mənim yerimə Ceyhun Həyatov adlı birini təyin edib. Həmin şəxs onun tanışıdır, Bakıda Səbail rayonunda işləyirmiş. Kommunal Müəssisələr rayonda küçələrin süpürülməsi, parkların təmizlənməsi ilə məşğul olur. Biləsuvarda bu işi görə biləcək bir kadr yoxdur ki, Faiq Qürbətov Bakıdan xüsusi adam gətirib onun sosial yükünü də icra hakimiyyətinin üzərinə qoyur? Mən rayonun Qadınlar Şurasının da sədriyəm, Faiq Qürbətov qadınları da işləməyə, vəzifə tutmağa qoymur". 

Fotoda: Xalidə Ağayeva

Biləsuvar rayon icra başçısı Faiq Qürbətovun köməkçisi Əli Quluzadə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Əli Babayevlə Xalidə Ağayeva arasında olan ədavət çoxdan var: “İşdə yeni olduğum üçün bu haqda məlumatım yoxdur. Eyni rayon adamı olublar, bir yerdə işləyiblər o vaxtdan problemləri başlayıb. Xalidə xanım 67 yox, 69 yaşındadır və yaşa görə vəzifədən çıxarılıb. Qocalanda insan işləmək istəmir, həvəsi olmur. Xalidə xanım da artıq işləyə bilmirdi". 

Ə. Quluzadə qeyd edib ki, Faiq Qürbətovla Əli Babayev qohum deyillər: "Xanım fakta söykənmədən çox söz deyə bilər. Əsassız və gülməli ittihamdır. Ceyhun Həyatov isə boş vakant vəzifəyə gətirilib”.

Qeyd edək ki, Faiq Qürbətov 2020-ci ilin avqust ayında Biləsuvarın icra başçısı təyin edilib.

 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş