Həştərxanda Heydər Əliyevin 100 illik yubileyi qeyd edilir
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin Rusiyanın Həştərxan vilayətində təntənəli qeyd edilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən Tədbirlər Planı imzalanıb, Tədbirlər Planının yüksək səviyyədə həyata keçirilməsi məqsədilə Təşkilat Komitəsi yaradılıb.
“Gündəmtv.az” xəbər verir ki, Tədbirlər Planında müxtəlif forumların, dəyirmi masaların, dialoqların, sərgi və müsabiqələrin, ağacəkmə aksiyalasının, konsert proqramlarının, Azərbaycan günlərinin və ulu öndərin siyasi fəaliyyətinə həsr edilən bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. İlin əvvəlindən başlayaraq Heydər Əliyevin 100 illik yubileyi Həştərxan vilayətində qeyd edilməyə başlanılıb, bir sıra tədbirlər həyata keçirilib.
Yubileylə bağlı mayın əvvəlində keçiriləcək təntənəli tədbirlərin müzakirəsi və qarşılıqlı əlaqələndirilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan şəhərində səfərdə olub.
Səfər zamanı ilk öncə Həştərxan Höküməti sədrinin müavini Denis Afanasyev, Həştərxan şəhərinin meri Oleq Polumordvinov, Həştərxan vilayəti Beynəlxalq Əlaqələr Agentliyinin sədri Vladimir Qolovkov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan diasporasının nümayəndələri şəhər mərkəzində yerləşən Heydər Əliyev Parkında ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Vilayətin Hökümət üzvlərinin iştirakı ilə Heydər Əliyevin xatirəsinə ağaclar əkilib. Volqa çayı sahilində yerləşən Heydər Əliyev Parkında Azərbaycan tərəfindən aparılan əsaslı təmir-bərpa və geniş yaşıllaşdırma işlərinə birgə baxış keçirilib, Heydər Əliyev Parkını Volqa çayının qarşı tərəfi ilə birləşdirən “Dostluq Körpüsü”ndə tamamlanmış yenilənmə işləri ilə tanış olublar. O cümlədən, II Dünya müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış “Qardaşlıq məzarlığı” ziyarət edilib, əbədi məşəl önünə güllər qoyulub.
Daha sonra Abdin Fərzəliyevin Həştərxan qubernatoru İqor Babuşkin ilə görüşü olub. Prezident İlham Əliyevin iki ölkə arasında dostluq əlaqələrinin inkişafında xüsusi rolu olduğunu vurğulayan İ.Babuşkin ulu öndərin xatirəsinin Həştərxan vilayətində hər zaman ehtiramla yad edildiyini vurğulayıb. Abdin Fərzəliyev Həştərxan vilayəti və Azərbaycan arasındakı dostluq prinsipləri üzərində qurulan münasibətlərdən danışıb, Heydər Əliyevin xatirəsinin Həştərxan vilayətində də hər zaman dərin hörmətlə anıldığı üçün təşəkkürünü bildirib.
Ulu öndərin 100 illik yubileyinə həsr olunan tədbirlərin təntənəli keçirilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin üzvləri ilə Azərbaycan İş Mərkəzində müşavirə keçirilib. Müşavirədə Həştərxan vilayətində və ölkəmizdə keçiriləcək birgə tədbirlər bir daha nəzərdən keçirilib, tədbirlərin qarşılıqlı koordinasiya edilməsi və nəzərdə tutulan geniş tərkibli forum və görüşlərlə bağlı bir çox məsələlər ətraflı müzakirə edilib. Bir çox təntənəli tədbirlərin, o cümlədən Həştərxan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Həştərxan incəsənət xadimlərinin iştirakı ilə ədəbi-bədii proqramın may ayının əvvəlində keçirilməsi qərara alınıb.
Sonra Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı tam orta məktəb ziyarət edilib, məktəbin foyesində ümummilli liderin büstü önünə gül dəstələri qoyulub, ulu öndərin əziz xatirəsi yad edilib. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş qeyd edilən məktəbin direktoru T.Tixomirova ulu öndərin 100 illik yubileyi ilə bağlı müsabiqələrin, telekörpü formatında dialoqun və digər müxtəlif səpkidə bir sıra tədbirlərin keçirildiyini, Abşeron rayonu, Xırdalan şəhər 1 saylı orta məktəblə birgə bir neçə layihə üzərində işlədiklərini bildirib.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş