QARABAĞ AZƏRBAYCANDIR!

Fransa Elşad Abdullayevi niyə himayə edir? – İLGİNC SƏBƏBLƏR 1031
2022-11-13 14:44 | 0 Rəy

Fransa Elşad Abdullayevi niyə himayə edir? – İLGİNC SƏBƏBLƏR

Vətən müharibəsindəki tarixi qələbə və 30 illik işğala son qoyulması Azərbaycanı regionun ən güclü dövlətlərindən biri kimi dünyaya tanıtdı. Məhz Şanlı Zəfər sayəsində regionda söz sahibinə çevrilən Azərbaycanla iri dövlətlər hesablaşmağa başladılar. Ancaq bütün bunlar həm də ölkəmizə qarşı yersiz qısqanclıqların, paxıllıq hissinin yaranmasına səbəb oldu. Belə ki, Azərbaycanın günü-gündən artan nüfuzunu nəinki regionun bəzi dövlətləri, o cümlədən xəmiri erməni lobbisinin maliyyəsi ilə yoğrulan bir çox   Qərb ölkələri də həzm edə bilmədilər. Bu proses indi də davam edir. Belə ki, güclü erməni lobbisinin formalaşdığı Fransa, İrəvanı özünə qardaş sayan İran və digər dövlətlər Azərbaycana qarşı eyni cəbhədə birləşiblər. Təəssüflər olsun ki, Azərbaycanın maraqlarını düşünməyən, ölkəmizə qarşı səbəbi bəlli olmayan aqressiya sərgiləyən, düşmən dəyirmanına su tökən sapı özümüzdən olan baltalar da az deyil.

Gündəmtv.az xəbər verir ki, Azərbaycanın uğurlarını gözü götürməyən, dövlətimizə qarşı Qərbin “qara piar” kampaniyasında yer alan bu qüvvələr “siyasi sığınacaq” alaraq yerləşdikləri ölkələrdə rəsmi Bakıya qarşı aparılan hər cür çirkin addımlara fəal şəkildə qoşulurlar. Bu şəxslərdən biri də fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetinin sabiq rektoru Elşad Abdullayevdir. Hazırda qaçıq gizləndiyi Fransada ölkəmizə qarşı vaxtaşırı böhtan xarakterli çıxışlar etməklə havadarlarının qarşısında “sadiq” görünməyə çalışan və bununla da daha çox pul qazanmaq istəyən Abdullayevin çirkin əməlləri haqqında dəfələrlə yerli mediada xəbərlər dərc olunub. Onun Fransadakı səfirliyimizə edilən hücumda düşmənə dəstək verməsi, oğlunun ermənilərlə iş birliyi və digər hərəkətləri faktlarla sübuta yetirilib və ifşa edilib.

Vaxtilə rəhbərlik etdiyi universitetdə tələbələrdən qanunsuz yığdığı pullarla özünə biznes quran, sonra Azərbaycana qarşı xəyanət yolu seçməklə vətən xaininə çevrilən, bu səbəblərdən də beynəlxalq axtarışa verilən Elşad Abdullayev haqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılsa da, hələ ölkəyə ekstradisiya olunmayıb. Təkcə bir epizodla bağlı Baş Prokurorluq tərəfindən 2021-ci ildə verilən rəsmi məlumata əsasən, E.Abdullayev AR CM-nin 137.3 və 308.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Lakin qaçıb gizləndiyindən barəsində beynəlxalq axtarış elan edilib.

Burada maraqlı məqam ondan ibarətdir ki, Abdullayev Fransada da dinc dayanmayaraq Azərbaycan əleyhinə kampaniyalarda fəal iştirak edir. Ölkəmizə qarşı çirkin planlarda düşmənlə iş birliyi qurmaqdan çəkinmir. Yeri bəlli olsa da, Fransa hökuməti tərəfindən himayə edilməsi onun ekstradisiyasına əngəl yaradır. Bütün bunlar isə vətəninə xəyanət yolunu seçən Elşad Abdullayevin Azərbaycana qarşı qərəzli siyasəti ilə seçilən Fransa tərəfindən himayə olunduğunu bir daha sübuta yetirir. 

Təbii ki, Fransa hökumətinə nə Elşad Abdullayevin özü, nə də onun törətdiyi cinayət əməlləri qətiyyən maraqlı deyil. Bu Qərb dövlətinin əsas istəyi Elşad Abdullayev kimi sapı özümüzdən olan baltalardan Azərbaycana qarşı istifadə etmək və ölkəmiz əleyhinə çirkin addımlarda onları ön plana çıxarmaqdır. Məhz buna görə də Abdullayevin istər sosial şəbəkə platformalarında, istər ölkənin ayrı-ayrı tanınmış simalarına, istərsə də ümumilikdə Azərbaycan dövlətinə qarşı etdiyi çıxışlar, həyata keçirdiyi böhtan kampaniyaları səngimək bilmir. Məhz himayədarlarının əlində “maşa”ya çevrilməsi Abdullayevin hələlik özünü qanunun caynağından qorumasına şərait yaradır.

Ancaq Elşad Abdullayev və onun kimi Azərbaycana qarşı xəyanət yolunu seçənlər bilməlidirlər ki, bu, müvəqqəti haldır. Günün birində himayədarları tərəfindən istifadə olunaraq kənara atıldıqlarında onları heç bir siyasi qüvvə qanunun caynağından qurtara bilməyəcək. Və bu zaman “ədalət məhkəməsi”nin üzü sərt olacaq və Abdullayev törətdiyi cinayət əməllərinə görə cavab verəcək.

Gündəmtv.az

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş