Ermənistanın Xocalı cəlladının müdafiəsinə qalması təəccüblü deyil – Tahir Mirkişili
Ermənistanın Xocalı cəlladlarından biri, əli günahsız azərbaycanlıların qanına batmış Vaqif Xaçatryanın müdafiəsinə qalxması o qədər də təəccüblü deyil. Xocalı faciəsinin arxasında məhz Ermənistan dövlətinin durması bir daha təsdiqini tapır. Törətdiyi çox ağır əməllərə görə barəsində cinayət işi açılmış və 2013-cü ildən axtarışda olan bir şəxsin Azərbaycan dövlət sərhədini keçərkən saxlanılması qanun çərçivəsində həyata keçirildiyi halda, İrəvanın buna etiraz etməsi absurddur.
"Gündəmtv.az" xəbər verir ki, bu sözləri AZƏRTAC-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycandan qaçmaq istəyərkən yaxalanan Əskəran sakini Vaqif Xaçatryanın həbsinə etiraz olaraq yaydığı bəyanatı şərh edərkən bildirib.
Onun sözlərinə görə, Xocalı canisinin adı uzun illərdir Azərbaycanın hüquq-mühafizə orqanlarının axtarışında olan şəxslərin siyahısında olub: “Respublika Prokurorluğunun yaydığı məlumatdan da görünür ki, Xaçatryan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı 25 nəfər azərbaycanlı öldürülüb, 14-ü yaralanıb, 358-i isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələr ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Ermənistana gedərkən Laçın sərhəd buraxılış məntəqəsində həbs edilib. Xaçatryanın cinayət əməllərinə dair Azərbaycan hüquq-mühafizə orqanlarının əlində təkzibolunmaz faktlar, şahid ifadələri var. Xaçatryanı tanıyan Əskəranın azərbaycanlı sakinləri, əsirlərimiz onun əməlləri barədə vaxtilə ifadələr veriblər. Yəqin ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə şahidlərin ifadələri dinləniləcək və bütün beynəlxalq ictimaiyyət onun necə qəddar cani olduğunu görəcək. Xaçatryanın sosial şəbəkələrdə paylaşılan şəhidimizi təhqir edən fotosu və Zori Balayan, Monte Melkonyan kimi terrorçularla birgə görüntüləri hər şeyi deyir. İndi Ermənistan XİN-in bəyanatından belə çıxır ki, Azərbaycan belə bir canini sərbəst buraxmalı idi. Ermənistandan fərqli olaraq, dünyanın heç bir ölkəsində cinayətkarın, xüsusilə də ağır cinayət törətmiş şəxsləri bəsləmirlər, dəstəkləmirlər. Rəsmi İrəvan növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırır və siyasi manipulyasiyalar ilə məşğul olur. Bu mənada düşünürəm ki, Ermənistan tərəfinin məsələ ilə bağlı ölkəmizə qarşı səsləndirdiyi iddiaların heç bir əsası yoxdur”.
Deputat qeyd edib ki, Azərbaycan humanizm prinsiplərinə əsaslanaraq Vaqif Xaçatryanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edib: “Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyinə uyğundur. Bizim günahsız sıravi ermənilərə qarşı münasibətimiz bütün dünyaya bəllidir. Ötən ilin dekabr ayından etibarən BQXK vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb. Bu günə qədər onlardan heç biri saxlanılmayıb, sorğu-sual edilməyib. Bunu ermənilər də təsdiqləyirlər. Amma Vaqif Xaçatryanın həbsi üçün ciddi hüquqi əsaslar olub. Beynəlxalq humanitar hüquq müharibə cinayətkarlarının həbsini qadağan etmir. Ermənistanın Xocalıda, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrində mülki əhaliyə qarşı soyqırımı və kütləvi qırğınlar törədən şəxslərin müdafiəsinə qalması nə hüquqi, nə də etik baxımdan qəbuledilən deyil"
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş