Ermənistanın şərti sərhəddə təxribatlar törətməsi regionda vəziyyəti gərginləşdirməyə xidmət edir- ŞƏRH
Ermənistan mütəmadi olaraq şərti sərhəddə atəşkəsi pozur və təxribata əl atır. Bu proses Naxçıvan, Kəlbəcər və digər istiqamətlərdə uzun müddətdir davam edir.
Bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib. O, Ermənistanın sülh müqaviləsinin imzalanmasında maraqlı tərəf olmamasını qeyd edib: “Fransanın Xankəndinə göndərdiyi “humanitar yardım” Azərbaycana təzyiq göstərmək, beynəlxalq ictimaiyyətin diqqətini ölkəmizə yönəltmək məqsədi daşıyır. Fransanın humanitar yardım təxribatı karvanına Paris şəhərinin meri Ann Hidalqonun və Strasburq meri Janna Barseqyanın başçılıq etmələri olduqca gülünc vəziyyətdir. Diplomatiya sahəsində qarşıya qoyulan hədəflərinə nail ola bilməyən düşmən bölgədə gərginlik yaratmaq istəyir. Laçın dəhlizindən yüklərin buraxılmaması ilə bağlı Azərbaycan yeni alternativ marşrut təklif edib. Təklif bundan ibarətdir ki, bölgəyə gedən yüklər Bərdə-Ağdam-Xankəndi yolu ilə getsin. Ancaq məqsədi humanitar yardım göndərmək olmayan Ermənistan bununla razılaşmayıb. Azərbaycanın müvafiq prosedur qaydalarını yerinə yetirməyən Ermənistanın yüklərini dayandırması, onlara alternativ yol göstərməsi və ölkəmizin göndərdiyi iki yük maşınının qarşısını məhz ermənilərin alması onların yaratdıqları şounun siyasi məqsədlərə qulluq etməsinin bariz nümunəsidir. Eyni zamanda, ermənilərin Beynəlxalq Qırmızı Xaç Komitəsindən öz siyasi oyunları üçün istifadə etməsi hər kəsə məlumdur. Bütün bunlar daha aqressiv təxribatların olacağından xəbər verirdi. Hazırda diqqəti yönəltmək üçün silahlı insident yaratmağa çalışan ermənilər Zod-Kəlbəcər istiqamətində atəşkəsi pozurlar. Onların niyyəti prosesdə Qarabağda maraqları toqquşan qüvvələri aktivləşdirməkdir”, - deyə Ş.Ramaldanov bildirib.
O vurğulayıb ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bununla bağı adekvat cavab tədbirləri görür və lazımı mesajlar verilib. Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü, suverenliyini qorumağa qadirdir. Onlar sərhəddə vəzifələrini layiqincə yerinə yetirirlər. Qarşı tərəfin addımları izlənilir və təhlil edilir. Lazım olduğu təqdirdə isə əlavə tədbirlər həyata keçirilir. Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Eyni zamanda, Ermənistanın silahlı qüvvələri bölgədə zərbə PUA-sı tətbiq ediblər. Amma onlar 44 günlük Vətən müharibəsində Azərbaycanın pilotsuz uçuş aparatlarının gücünü unudublar. Hazırki təxribatlar bundan sonra da intensivləşəcək və bütün proseslər regionda vəziyyətin gərginləşəcəyini göstərir.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş