QARABAĞ AZƏRBAYCANDIR!

Ermənistan Gorus-Qafan yolunu İranın yük maşınları üçün müvəqqəti bağlayıb 77
2021-09-16 16:22 | 0 Rəy

Ermənistan Gorus-Qafan yolunu İranın yük maşınları üçün müvəqqəti bağlayıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Gorus-Qafan yolunu İranın yük maşınları üçün müvəqqəti olaraq bağlayıb.

Gundemtv.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, İranın onlarla yük maşını Gorusun çıxışında toplaşıb, yük maşınlarının Qafana buraxılmadığı bildirilib.

Yük maşınlarının sürücülərinin Azərbaycan tərəfinə ödəməyə pullarının olmadığı qeyd olunub. Qafan-Gorus yolunda qalan yük maşınlarının sürücüləri Azərbaycan postundan gömrük rüsumu tələb olunduğuna görə yolu bağlamaqla təhdid ediblər.

İranlı sürücülərdən biri qeyd edib ki, onlar Mehridə Ermənistan gömrüyünə ödəniş ediblər, ikinci dəfə ödəniş etmək fikrində deyillər.

Qeyd edək ki, ötən gün erməni mətbuatında Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisləri tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar. Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən parlamentin iclasında Azərbaycan polisinin iranlı sürücüləri yoxlamasının qanuni olduğunu etiraf edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş