"Ermənilərlə görüş yeri kimi niyə Yevlax seçilib? - Təsadüf, yoxsa...
"Qarabağdakı ermənilərin nümayəndələri ilə görüşün Yevlaxda keçiriləcəyi haqda məlumatlar yayılır".
Gündəmtv.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib. O, belə bir görüşün Yevlaxda keçirilməsinin təsadüf olmadığını düşünür:
"Maraqlı detaldır. Ermənistanın I Qarabağ müharibəsində Yevlaxa qədər əraziləri işğal etməyi planlaşdırırdı. Hətta “biz Yevlaxa çatıb Azərbaycanın neft ixracının yolunu kəsməliyik” çağırışları edilirdi. 44 günlük müharibənin ilk günlərində də erməni təbliğat maşını “Azərbaycanı Yevlaxa qədər qovmuşuq” iddiaları irəli sürürdü.
İndi ermənilər Bakının onlara hansı taleyi yazacağını görmək üçün Yevlaxa gəlir. Erməni nümayəndələrin qəbul yerinin Yevlax seçilməsi bu kontekstdə təsadüfə bənzəmir".
Qeyd edək ki, rəsmi Bakının nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlıq nümayəndələri arasında görüşün Yevlaxda təşkili üzərində iş getməsi barədə məlumatlar yayılıb. Erməni mətbuatı Qarabağ ermənilərinin bəzi nümayəndələrinin bu görüşü sabotaj etməyə çalışdığını yazıb.
0 şərh:
Səndə öz fikrini bizimlə bölüş