QARABAĞ AZƏRBAYCANDIR!

Dünyanın neftə tələbatı rekord həddə: “Qara qızıl” nə qədər bahalaşacaq? - PROQNOZ + FOTO 73
2023-09-06 15:57 | 0 Rəy

Dünyanın neftə tələbatı rekord həddə: “Qara qızıl” nə qədər bahalaşacaq? - PROQNOZ + FOTO

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haytam Əl Qeys 2045-ci ilə qədər qlobal enerji tələbatının 23% artacağının proqnozlaşdırıldığını qeyd edib. OPEC-in ehtimalına görə, neft tələbinin gündəlik 110 milyon barelə qədər artacağı gözlənilir.

“Bu, son onilliklərdə neft dövrünün bitdiyinə dair bir çox iddialarla kəskin şəkildə ziddiyyət təşkil edir. Həqiqətən də, müasir tələbat bütün zamanların ən yüksək səviyyəsinə yaxındır”, - deyə baş katib çıxışında vurğulayıb.

Maraqlıdır, neftə tələbatın artması “qara qızıl”ın dünya bazarlarındakı qiymətinə necə təsir edəcək?

Bununla bağlı Oxu.Az-a danışan neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, iyul ayında hasil edilən neft miqdarı pandemiyadan əvvəlki dönəmin ortalama statistikası ilə müqayisədə də çox oldu. Açıqlanan rəqəmlərə görə, gündə 100,2 milyon barel neft hasil edilib:

“May ayında verilən proqnozlar özünü doğruldur. Maya qədərki ehtimallarda qeyd olunurdu ki, ilin ikinci yarısında neftə tələbat artacaq, dünyadakı iqtisadi inkişaf templəri enerjini stimullaşdıracaq, OPEC hasilatı yüksəltmədiyindən qiymətlər qalxacaq. Dünya bazarında neftin bir barelinin 85-90 dollara satılacağı qeyd edilirdi. Həqiqətən də, neft qiyməti hazırda bu aralıqda dəyişir.

Son bir həftədə neftin qiymətinin bu qədər yüksəlməsinə əsas səbəb kimi Çinin makroiqtisadi göstəricilərinin daha yaxşı olması bildirilir. Bu, enerjiyə tələbatı da artırır. Həmçinin, əvvəlcə Səudiyyə Ərəbistanının, sonra isə Rusiyanın sentyabr ayından etibarən neft ixracını azaldacağını elan etməsi də qiymətlərə öz təsirini göstərdi. Real olaraq, bazarda vəziyyətin bundan sonra necə dəyişəcəyi proseslərdən asılı olacaq.

OPEC ölkələrinin oktyabr görüşündə neft həcmlərinin artırılması ilə bağlı diskussiyalar aparılmır. Bu o deməkdir ki, ən azından, dördüncü rübə qədər neftin qiymətinin 85 dollar ətrafında dəyişəcəyi labüddür. Ondan sonra tələbat daha da artacaq. Oktyabrın 20-dən sonra qiymətlərdə korreksiyalar aparıla bilər. Bu dövrdə erkən qışın gəlməsi də neftə tələbatı artıra bilər. Bu zaman qiymət də yüksələcək. Əgər qışa keçid və qışın özü mülayim keçərsə, neftə tələbat zəifləyə, qiymətlər nisbətən azala bilər. Yanacaq bazarı həddindən artıq dəyişkəndir, bunu nəzərə almaq lazımdır”.

İlham Şabanın fikrincə, 2035-40-cı illərə qədər neft prioritet yanacaq növü olaraq qalacaq:

“Alternativ enerji layihələrindən nəticə əldə edilməsi vaxt aparan məsələdir. 10 il bundan öncə alternativ enerjidən istifadə dünya enerji hasilatının cəmi bir faizini təşkil edirdi. Pandemiyadan əvvəlki dövrdə bu göstərici beş faizi keçdi. 2022-ci ilin nəticələrinə görə isə alternativ enerjinin dünya enerji balansında xüsusi çəkisi 7,5 faizdir. Elektrikin istehsalında isə bu rəqəm 12 faizdir. Alternativ enerjidən istifadəni 33 faizə çatdırmaq üçün ən azı 20 il vaxt lazımdır. Ona görə də həmin yaxın dönəmdə hələlik neft dünya enerji balansında hegemonluğunu saxlayacaq”. 

Qeyd edək ki, dünya bazarında WTI markalı neftin oktyabr füçerslərinə görə, bir barelinin qiyməti 86,69 ABŞ dollarıdır.

“Brent” markalı neftin isə noyabr füçerslərinin bir barel üçün qiyməti 90,04 ABŞ dollarıdır.

“Azeri Light” (CIF) markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 96,42 ABŞ dolları təşkil edib.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş