QARABAĞ AZƏRBAYCANDIR!

DTX əməliyyat keçirdi: Ermənilərə işləyən azərbaycanlı həbs olundu 116
2022-10-13 09:33 | 0 Rəy

DTX əməliyyat keçirdi: Ermənilərə işləyən azərbaycanlı həbs olundu

Azərbaycanın milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir.

"Gündəmtv.az"  xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatına görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınmışdır.

İstintaq zamanı məlum olmuşdur ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürmüş, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək etmişdir.

Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilmişdir. Hazırda qeyd olunan cinayət əməllərinə dair cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş