QARABAĞ AZƏRBAYCANDIR!

"Bunlara qarşı xüsusi tədbirlərin görülməsi vacibdir" - Media eksperti 69
2022-10-13 09:33 | 0 Rəy

"Bunlara qarşı xüsusi tədbirlərin görülməsi vacibdir" - Media eksperti

“Sosial şəbəkələrdə yanlış informasiyalara qarşı maarifləndirmə kampaniyasına yenidən başlanılmalıdır”.

"Gündəmtv.az" xəbər verir ki, bunu “Report”a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.

Qeyd edək ki, son günlər bəzi sosial media istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, vətəndaşlar arasında süni ajiotaj yaratmaq, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətə uyğun olmayan informasiyalar tirajlanıb.

İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş Prokurorluğa dəvət olunub, onların barələrində prokuror təsir tədbirləri görülüb. Belə ki, sosial media istifadəçiləri “jamaz.info” saytının rəhbəri İbişbəyli Fikrət Fərəməz oğlu, “miq.az” saytının rəhbəri Alışov Aqil Balabəy oğlu, Şirvan şəhər sakini İsmayıl Elçin Xankərəm oğlu, Lənkəran rayon sakini Cabbarlı Əli Allahverdi oğlu və Xaçmaz rayon sakini Fətəliyeva Nuranə Etibar qızına “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Ekspert bildirib ki, Baş Prokurorluğa ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı informasiyalar yaydığına görə dəvət olunan bir neçə sosial media istifadəçisinə dəfələrlə xüsusi xəbərdarlıq olunub:

“Belə ki, bu saytlardan bir qismi 2022-ci ilin yanvar ayında cəbhə xəttindəki hadisələr barədə yanlış informasiyalar yaydığına görə cərimə olunub. Xəbərdarlıqlara, cərimələrə və qanunun tələblərinə rəğmən onların yenidən həqiqətə uyğun olmayan informasiyalar tirajlaması xüsusi maraqlarının olmasını göstərir. Bu səbəbdən Baş Prokurorluğun tətbiq etdiyi xəbərdarlıq və digər sərt tədbirlər anlaşılandır. Eyni məzmunlu xətanı təkrar-təkrar törədən şəxslər var ki, onlara qarşı analoji addımlar başadüşüləndir”.

M.Ələsgərlinin sözlərinə görə, ölkəmizdə sosial şəbəkələrlə bağlı müəyyən qanunlarda bəzi addımlar atılıb və bu proses 2013-cü ildən gedir:

“Məsələn, 2013-cü ildə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Sosial şəbəkələrdə təhqir və böhtana yol verənlərlə bağlı məsuliyyət yaranıb. Əlavə olaraq, 2016-cı ildə qanunvericiliyə dəyişiklik edilərkən saxta profillərin yaradılmasına görə məsuliyyət nəzərdə tutulub. Sonra informasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında qanunda müəyyən çərçivələr müəyyənləşdirildi. Bunlar müxtəlif qanunlarda ayrı-ayrı detallar üzrə nəzərdə tutulub. Hiss olunur ki, artıq ayrı-ayrı, səpələnmiş şəkildə olan bu tənzimləyici maddələr, ümumilikdə, problemi aradan qaldırmaq üçün yetərli deyil”.

“Hesab edirəm ki, jurnalist təşkilatları, media ictimaiyyəti və digər əlaqədar şəxslər bu məsələ ilə məşğul olmalı, maarifləndirmə və məlumatlandırma kampaniyasına yenidən başlamalıdır. Çünki həqiqətən son dövrlər Vətən Müharibəsindəki qələbəni gözdən salmaq və insanlarda təşviş yaratmaq üçün bəzi hərəkətlər yol verilir. Bunlara qarşı xüsusi tədbirlərin görülməsi vacibdir”, – media eksperti vurğulayıb.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş