QARABAĞ AZƏRBAYCANDIR!

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı asanlaşdırılır 7
2021-11-15 11:08 | 0 Rəy

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı asanlaşdırılır

Azərbaycandan kənd təsərrüfatı məhsullarının ixracının asanlaşdırılması istiqamətində növbəti addım atılıb.

Gundemtv.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Express" MMC-yə istinadən xəbər verir.

Məlumatda deyilir ki, "Rusiya Dəmir Yolları" SC ilə birgə işlənib-hazırlanmış yeni layihə tez xarab olan aqrar məhsulların Rusiyaya keyfiyyətli, vaxtında çatdırılmasını nəzərdə tutur. Layihənin əsası bu ilin sentyabr ayında Moskvada, Rusiya və Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının nəqlinin inkişaf etdirilməsi üçün iki ölkə dəmiryolçuları arasında xüsusi görüşdə qoyulub. “Rusiya Dəmir Yolları” və onun törəmə şirkəti olan “RJD Logistika” SC ilə “ADY Express”in nümayəndələri arasında danışıqlar və daha sonra görülən tədbirlər nəticəsində bir sıra kompleks qərarlar qəbul edilib. Qərarlar daşıma tariflərini, yükdaşımaların texnologiyasını, terminallarda yükaşırma prosesi və vaqon təminatını əhatə edir. Belə ki, daşıma iştirakçıları öz ərazilərində bu cür yüklərin daşınması tarifində güzəştlər tətbiq etməyə başlayıblar. Rusiya ilə sərhədə yaxın olan Xaçmaz rayonu ərazisində, əsasən kənd təsərrüfatı məhsullarının aşırıldığı yeni terminaldan istifadə ediləcək. Yüklər bu terminalda vaqonlara yüklənərək birbaşa Moskva yaxınlığında yerləşən Selyatino stansiyasına və oradan birbaşa olaraq son müştəri-alıcıya çatdırılacaq. Layihənin həyata keçirilməsi üçün soyuducu vaqonlardan (refseksiya və refkonteyner) istifadə ediləcək. Yük həcmi artıqca, sahibkarların məhsullarının istehlakçıya vaxtında çatdırılmasını təmin etmək üçün, tərəflər özəl refvaqon və refkonteynerlərin cəlb edilməsini təmin edəcəklər. Məqsəd tarlalardan son alıcıya vaxtında və keyfiyyəti qorumaq şərti ilə məhsulu çatdırmaqdır. Rusiya və Azərbaycan dəmiryolu idarələrinin qərarına əsasən, bütün bu işlər “RJD Logistika” və “ADY Express”ə tapşırılıb.

Daşımaların operatorundan biri olan, "ADY Express" nümayəndələri Xaçmazda yerli sahibkarlarla görüş keçirib, onların istehsal etdiyi məhsulların istehlakçıya çatdırılması istiqamətində indiyədək qarşılaşdığı problemlərin çözülməsi istiqamətində müzakirələr aparıblar. Tərəflər xüsusən mövsümün pik vaxtında, tez xarab olan məhsulların vaxtında daşınması istiqamətində meydana gələn problemlərin tezliklə həll olunacağına inandıqlarını bildiriblər.

Ümumilikdə bu tədbirlər ölkədə qeyri-neft sektorunun həcminin artmasına öz töhvəsini verəcək, həmçinin kiçik və orta sahibkarlığın inkişafına şərait yaradacaq. İxrac potensiallı yüklərin sürətli, təhlükəsiz, səmərəli və keyfiyyəti qorumaq üçün, tələb olunan temperatur rejimini təmin edən vaqonlarda təyinat məntəqəsinə çatdırılacaq.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş