QARABAĞ AZƏRBAYCANDIR!

Alimdən həyəcanlı açıqlama: Xəzərdə və çaylarda balıqlar niyə azalıb? 70
2023-11-14 13:11 | 0 Rəy

Alimdən həyəcanlı açıqlama: Xəzərdə və çaylarda balıqlar niyə azalıb?

"Xəzər dənizində və çaylarımızda balıq ehtiyatlarında azalmalar var".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, dosent Süleyman Süleymanov deyib.

Onun sözlərinə görə, Azərbaycan çaylarında balıqların sayı kürləmə prosesindən asılı olaraq dəyişir.

Dosent deyir ki, kürləmə olmayan dövrlərdə isə çaylarda balıq sayı artır:

"Ümumilikdə, çaylarda balıqların sayı tükənmə səviyyəsinə çatıb. Viləş, Kür və Araz kimi çayların suyu azaldığına görə təbiətdə özü çoxalan balıqlarla bağlı ciddi problem yaranıb. Bundan başqa, çayda suların azalması dənizdə yaşayıb kürüləmək üçün çaylara gedən balıqlar üçün vəziyyəti çətinləşdirib".

S.Süleymanov qeyd edib ki, son illər ərzində Xəzər dənizində də balıqların ehtiyatı getdikcə azalır:

"Bu azalma xüsusən də kilkə balıqlarla bağlıdır. Məhz buna görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn il üçün kilkə balıqların kvotasını artırmaq niyyətindədir. Xəzər dənizində 1809 növ və yarımnöv heyvan yaşayır ki, onun 1069-u sərbəst yaşayan onurğasızlar, 325 növü parazitlər və 415 növü onurğalı heyvanlardır. Xəzər dənizində nərə, uzunburun, qaya balığı, ağ qızılbalıq, qızıl balıq, Xəzər siyənəyinin beş növü, dəniz sıfı, ziyad, gülmə, çəki, xəşəm və başqa balıq növləri var. Lakin Xəzər dənizinin əsas balıq ehtiyatının çoxunu kilkələr təşkil edir. Kilkələrin qidalandığı zooplanktonların, yəni dənizdəki xırda canlıların kütləsinin 10 dəfə azalması bu balıqların da ehtiyatını azaldıb. Kilkə kütləsinin azalması kilkə ilə qidalanan başqa balıqların da kütləsini azaldır. Bu balıqlara siyənəklər, nərə cinsli balıqlar, qızıl balıq və digərlərini misal çəkmək olar".

Xəzər dənizində və çaylarda balıqların azalmasının qarşısının alınmasından danışan S.Süleymanova söyləyib ki, balıqların kürləməyə gedən zamanlarda ovunu dayandırmaq lazımdır:

"Bundan başqa, balıqların kürləməsi üçün şərait olmalıdır.  Yaxşı olar ki, su anbarlarının sağ və sol hissələrində balıqların keçidi üçün imkan yaradılsın. Xəzər dənizində çirklənmə artmaqda davam edir. Bundan başqa, dənizdə suyun səviyyəsi aşağı düşüb. Səviyyənin aşağı düşməsi dənizdə yaşayıb kürləmə üçün çaylara gedən balıqlar üçün problem yaradır. Bu balıqların bərpası üçün bir neçə il vaxt lazımdır. Əgər su çəkilən ərazilərdə bitki örtüyü əmələ gələrsə və balıqlar orada kürü tökərsə, azı 3 il sonra nəticə görmək mümkündür".

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş