QARABAĞ AZƏRBAYCANDIR!

ABŞ-İran: Gizli nüvə danışıqları - TƏHLİL 85
2023-09-13 17:50 | 0 Rəy

ABŞ-İran: Gizli nüvə danışıqları - TƏHLİL

İranın nüvə proqramına dair Tehranla ABŞ arasında gizli danışıqlar davam edir.

Nüvə danışıqlarının nəticələri hələ ABŞ ilə İran arasında eyni tarazlıqda qalmaqdadır, yəni tərəflərin mövqelərini ortaq məxrəcə gətirməsi mürəkkəb və çətindir.

Ola bilər ki, gizli danışıqlar iki tərəf arasında yazılmamış razılaşmalar və ya siyasi atəşkəs əldə etmək məqsədilə aparılır.

İranın nüvə proqramının beynəlxalq həllini tapmamasına İsrail təhlükəli tendensiya kimi baxır, o, ümumiyyətlə danışıqların aparılmasının əleyhinədir.

Bu mənada ABŞ ilə İsrail arasında fikir haçalanması başadüşüləndir, hərçənd, İranın nüvə silahı əldə etmək ərəfəsində olması Vaşinqton üçün də ciddi siqnaldır.

İsrailə görə, İranın danışıqlardakı iştirakı Qərb qüvvələrini çaşdırmaq və Tehranın onlar üzərində üstünlük qazanması üçün aldatma taktikasıdır.

Təl-Əvivin bu narahatlıqlarına baxmayaraq, ABŞ ilə İran arasında nüvə danışıqları bloklanmır.

Reallıq bundan ibarətdir ki, Tehranın nüvə proqramına görə məruz qaldığı sanksiyalar onu niyyətlərindən birmənalı şəkildə çəkindirməyib.

Əksinə, İran uranın zənginləşdirilməsini 60 faiz səviyyəsinə çatdırıb ki, ekspertlər bunu regionda nüvə eskalasiyasının mənbələrindən biri kimi qiymətləndirirlər.

Buradan çıxara biləcəyimiz qənaət belədir ki, ABŞ ilə İranın danışıqlarındakı qayə tərəflərin bir-biri üzərində imtiyazlı üstünlük əldə etməsini prioritetləşdirir.

İranın Ukraynadakı müharibədə Rusiyanın xeyrinə hərbi yardımlar etməsi fonunda Vaşinqton-Tehran danışıqları geniş regional ölçüləri özündə ehtiva edir.

Bu, təsirli və davamlı maraqların cövhərini uzunmüddətli hədəflərdən yayındırmayacaq.

Vaşinqtonla Tehranın nüvə müzakirələrinin regionda yarada biləcəyi digər təsir İran hərbi-siyasi dairələrinin həmin danışıqlara baxış bucağı ilə əlaqəlidir.

İranın baş nüvə müzakirəçisi, xarici işlər nazirinin müavini Əli Baqeri-Kani Qərblə danışıqları milli maraqların təmin edilməsində vasitə kimi müdafiə edərək sərt xətt tərəfdarlarına mesajını yollayıb.

Yəni Baqeri mövqeyini nüvə danışıqlarına yanaşma ilə bağlı İran siyasətində davam edən debatlar fonunda səsləndirib.

İran elitasındakı nüvə danışıqlarına münasibətdə fərqli səslərin çıxması isə ölkədə etirazların hökumət tərəfindən yönləndirilməsinə gətirib çıxara bilər.

Burada qeyri-adi nəsnələr axtarmaq lazım deyil, çünki İrandakı aksiyalar daxili iqtisadi-sosial problemlər, xarici ölkə kəşfiyyatlarının fəaliyyətinin nəticəsi kimi ərsəyə gəlsə də, onun idarə edilməsi məsələsi də Tehranın yanaşmasında yer alır.

Əgər ABŞ-İran danışıqları nəticə əsaslı razılığa doğru yön alsa, İranda iğtişaş və aksiyalar qaçılmaz ola bilər ki, bu da regionun təhlükəsizliyi baxımından bədxassəli şiş kimi yayılmaq potensialındadır.

Başqa bir yandan, ABŞ-İran mümkün gizli sövdələşmə ehtimalları da yaranır ki, bunun nəticələrinə qarşı İsrailin hərəkətə keçəcəyi versiyası güclüdür.

Nüvə danışıqlarının optimal variantda yekunlaşması isə ümumilikdə altılıq ölkələrinin (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin + Almaniya) Tehranın nüvə proqramına yanaşmasının dəyişib-dəyişməməsindən asılıdır.

0 şərh:

Səndə öz fikrini bizimlə bölüş