Paytaxtın Xətai rayonunda 43 hektar ərazidə yerləşən, gözəlliyi ilə heyran edən Gənclik parkı təəssüf ki, insan laqeydliyinin qurbanına çevrilir. Yüzlərlə ağacla əhatələnmiş, insanların ailəvi rahat vaxt keçirəcəyi bu ünvana hər gün nə qədər insan piknik üçün üz tutur.
Bununla belə yeyib-içdikdən sonra parkı zibillik içərisində qoyub gedənləri görəndə təəssüflənməmək mümkün deyil. Parkın ərazisində gəzərkən təəssüf ki, heç də xoş olmayan mıənzırı ilə qarşılaşdıq. Yaşıllığın içərisində atılmış sellofanlar, cips paketləri, plastik butulkalar və daha nələr nələr.
Sözsüz ki, parkın ərazisi çox böyük olduğundan ora gələn bütün insanlara da eyni anda nəzarət etmək mümkün deyil. Amma bu o demək deyil ki, insanlar gözdən uzaq olanda, ürəkləri nə istəsələr, edə bilərlər.
Adətən insanları bu cür xoşagəlməz əməllərdən çəkindirən vasitələr ictimai qınaq və cərimələrdir.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanovla danışığımız zamanı məlum oldu ki, onlar da bu problemdən narahatdır. Qurum rəsmisi Ölkə.Az-a açıqlamaında ictimaiyyətə səslənib:
“Müvafiq qurumlar, o cümlədən rayon bələdiyyəsi, polis əməkdaşları tərəfindən əraziyə nıəzarət edilir. Bəzi hallarda mövcud qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar məcəlləsinin müvafiq bəndlərinə uğun olaraq cərimələr də tətbiq olunur. Ətraf mühitin çirklənməsi halları qeydə alınanda parkın rəhbərliyi tərəfindən polisə məlumat verilir. Yəqin ki, onlar tərəfindən də cərimə tətbiq olunur. Nəzarətçilər daim orada reydlər keçirir. Amma düşünürəm ki, çox şey məhz insanlarımızdan, onların davranışından asılıdır. Bəzi parklarda pikniklərə icazə verilir. Amma çox təəssüflər olsun ki, insanlarımız piknikdən sonra arxasınca tökdükləri tullantını yığışdırmırlar.
Yanğın təhlükəsizliyi məqsədilə ərazidə samovar və ocaq qalamaq qəti qadağaqndır. Buna cəhd edildiyi halda dərhal qarşısı alınır.
İnanın biz özümüz də bu vəziyyətdən narahatıq. Eləcə də sakinlərimizin laqedliyindən. Bir də görürsən hansısa binanın həyətində boyu heç 1 metrə çatmayan ağac bir azca yana əyilib, dərhal fotosunu çəkib televiziyalara, mətbuata atırlar ki, baxımsız vəziyyətdə qalıb. Onu balaca uşaq görsə, bir balaca dəstək verər, düzəldər, dibinə gətirib bir vedrə su tökər.
Sizin vasitənizlə insanlara çağırış edirəm ki, təmizliyin, yaşıllığımızın qorunmasında həssaslıq nümayiş etdirsinlər. Xarici ölkələrdə belə məsələlər əsasən ictimai qınaqla tənzimlənir”, - deyə o əlavə edib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində, ətraf mühitin çirklənməsinə görə fiziki şəxslərin 300 manat, vəzifəli şəxslərin isə 1000 manat məbləğində cərimələnməsi nəzərdə tutulub.